Aİ ölkələrinin xarici işlər nazirləri mayın 27-28-də Kiprdə keçiriləcək qeyri-rəsmi görüşdə Rusiya ilə danışıqlarda Aİ-ni kimin təmsil edəcəyini müzakirə etməyəcəklər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, müzakirələr yalnız Ukrayna məsələsi kontekstində Rusiyaya qarşı irəli sürüləcək Aİ tələbləri siyahısı ətrafında aparılacaq.
Avropa Komissiyasının nümayəndəsi Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib ki, onlar Aİ xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə Rusiyaya dair tələblər siyahısını və Aİ ölkələrinin bu siyahı ətrafında həmrəyliyini müzakirə edəcəklər:
“Biz Rusiya ilə kimin danışacağını yox, nə barədə danışacağımızı müzakirə edəcəyik”.
Öz növbəsində, Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyu Brüsselin Rusiya ilə danışıqlar üçün hansı namizədi üstün tutduğunu şərh etməkdən imtina edib.
Bundan əvvəl Rusiya Prezidenti Vladimir Putin bildirmişdi ki, Aİ ilə Rusiya arasında mümkün danışıqlar üçün Almaniyanın keçmiş kansleri Gerhard Şröder daha uyğun namizəddir. O əlavə etmişdi ki, Rusiya tərəfi heç vaxt danışıqlara qapalı olmayıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə qeyd etmişdi ki, Kaya Kallas Moskva ilə danışıqlarda iştirak edən şəxs olmamalıdır, çünki bu rol onun üçün çətin olardı.