İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkəsinin Şimali Afrikadakı Sebtə (Seuta) şəhərinə yönələn qeyri-qanuni miqrant axını ilə əlaqədar Avropa İttifaqındakı tərəfdaşlarından həmrəylik tələb edəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O deyib ki, məsələ sabah Avropa Komissiyası və Aİ-yə üzv 27 ölkənin daxili işlər nazirlərinin iştirakı ilə keçiriləcək iclasda müzakirə olunacaq.
Nazir son günlər baş verən qeyri-qanuni miqrasiya dalğasından sonra beynəlxalq irticaçı qüvvələrin koordinasiyalı şəkildə hərəkət etdiyini iddia edib.
Onun sözlərinə görə, həmin qüvvələr vəziyyəti şişirdir, Şengen zonası ilə bağlı yalan və saxta məlumatlar yayırlar.
Albares həmçinin Mərakeşin yaranmış böhranın həlli istiqamətində ilk gündən İspaniya ilə əməkdaşlıq etdiyini vurğulayıb.
Xatırladaq ki, iyulun 30-da Mərakeşin Fnideq şəhəri sahillərindən üzərək Sebtəyə keçməyə çalışan 800-dən çox qeyri-qanuni miqrantın qarşısı alınıb. Hadisədən sonra İspaniya hökuməti bütün mövcud resursların səfərbər edildiyini açıqlayıb.
Son rəsmi məlumatlara görə, Mərakeşdən İspaniyaya keçməyə cəhd edərkən həyatını itirən qeyri-qanuni miqrantların sayı 88 nəfərə çatıb.