Almaniya hökuməti ölkənin daxili kəşfiyyat və təhlükəsizlik qurumlarının səlahiyyətlərini artıran yeni qanun layihəsini təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Junge Freiheit nəşrinin məlumatına görə, Konstitusiyanın Mühafizəsi üzrə Federal İdarənin ("BfV") və Federal Kəşfiyyat Xidmətinin ("BND") fəaliyyət imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
Hazırlanan sənədə əsasən, xüsusi xidmət orqanlarına yaşayış mənzillərinə gizli daxil olmaq, kompüter və mobil cihazlara müdaxilə etmək, eləcə də məlumat axınlarına nəzarət etmək kimi əlavə səlahiyyətlərin verilməsi planlaşdırılır.
Qanun layihəsinə görə, kəşfiyyat qurumları məlumat ötürülməsini dayandırmaq, yönləndirmək, dəyişdirmək və ya silmək imkanına malik ola biləcəklər. Telekommunikasiya operatorları və rəqəmsal xidmət təminatçılarının isə bu əməliyyatlarda xüsusi xidmət orqanlarına texniki dəstək göstərməsi tələb oluna bilər.
Sənəddə diqqətçəkən məqamlardan biri 16 yaşdan yuxarı şəxslərin xüsusi hallarda məlumatçı kimi cəlb edilməsinə icazə verilməsidir. Eyni zamanda, bu cür gizli tədbirlərin tətbiq olunduğu şəxslərin məlumatlandırılmaması da nəzərdə tutulur.
Almaniya hökuməti yeni dəyişiklikləri xarici təhdidlərə, xüsusilə Rusiyadan gələn təhlükələrə qarşı mübarizənin gücləndirilməsi ilə əsaslandırır. Bildirilir ki, yeni qaydalar çərçivəsində xüsusi xidmət orqanları kiberhücumlara və dezinformasiyaya qarşı daha geniş imkanlara sahib olacaq.