NATO-nun müdafiə imkanlarının gücləndirilməsi çərçivəsində Almaniyaya məxsus “Patriot” hava hücumundan müdafiə (HHM) sistemi Türkiyədəki hərbi bazada yerləşdirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, NATO-nun daimi müdafiə planı çərçivəsində və alyansın hava hücumundan müdafiə qabiliyyətini gücləndirmək məqsədilə 24 iyunda Malatya vilayətinin Kürecik bölgəsində bir Almaniya “Patriot” sistemi döyüş növbətçiliyinə başlayıb.
Sözügedən sistem daha əvvəl həmin bölgədə yerləşdirilmiş ABŞ-yə məxsus Patriot kompleksinin funksiyalarını öz üzərinə götürüb.
Bundan əvvəl, iyunun 18-də İtaliyaya məxsus SAMP/T zenit-raket kompleksi də Türkiyənin Konya şəhərində yerləşən Hərbi Hava Qüvvələrinin əsas komandanlıq bazasına göndərilmişdi. Həmin sistem də NATO-nun daimi müdafiə planı çərçivəsində alyansın hava hücumundan müdafiə imkanlarını gücləndirmək məqsədilə yerləşdirilib.
Türkiyədə HHM imkanlarının artırılması NATO-nun 7-8 iyul tarixlərində Ankarada keçiriləcək sammitinə hazırlıq fonunda baş verir.