Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasından sonra keçirilən brifinqdə ABŞ Konqresindəki “Daşnaksütyun” (ARFD) lobbi qruplaşmasının fəaliyyətinə dair açıqlama verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Paşinyan jurnalistlərin suallarını cavablandırarkən sözügedən lobbinin “Qarabağ hərəkatı”nı yenidən gündəmə gətirməyə yönəlmiş təşəbbüslər irəli sürdüyünü bildirib.
Məlumata görə, baş nazir ABŞ Konqresində ermənilərin Qarabağa təhlükəsiz qayıdışı ilə bağlı bəyanat qəbul etmək cəhdlərinin də həmin lobbi strukturlarının dəstəyi ilə həyata keçirildiyini qeyd edib.
Bildirilib ki, Paşinyan bu cür təşəbbüsləri “Qarabağ hərəkatı”nın davamı kimi qiymətləndirərək, onun Ermənistanın hazırkı siyasi gündəmi ilə uyğunlaşmadığını vurğulayıb.
Qeyd olunub ki, baş nazir hakimiyyətdə olduğu müddətdə bu tip cəhdlərin praktiki nəticə verməyəcəyini və onların qarşısının qətiyyətlə alınacağını bildirib. Onun sözlərinə görə, Ermənistan cəmiyyəti bu istiqamətdə hər hansı yeni avantüraya dəstək vermir.
Məlumata əsasən, Paşinyan Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmaların məğzini “iki ölkənin bir-birini rahat buraxması” kimi izah edib və tərəflərin mövcud siyasi reallıqlara uyğun hərəkət etməli olduğunu qeyd edib.
Bildirilib ki, son günlər İrəvanda “Daşnaksütyun” tərəfdarları ilə hakimiyyət orqanları arasında gərginlik müşahidə olunur. Məlumata görə, “Fransa meydanı”nda qeyri-qanuni şəkildə yerləşdirilən separatçı simvollu bayraqların dəfələrlə yığışdırılmasına baxmayaraq, fəallar tərəfindən yenidən quraşdırılmağa cəhd edildiyi bildirilir.