Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt İranla bağlı münaqişənin bitməsindən sonra Almaniyanın Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün missiyalarda iştirakını istisna etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"Bizdən Hörmüz boğazında tədbir görmək tələb oluna bilər. Əgər bu, minaların təmizlənməsi və ya oxşar bir şeylə bağlıdırsa mümkündür", - nazir bildirib.
Dobrindt kansler Fridrix Mertsin Almaniyanın İranla bağlı münaqişədə iştirak etmək niyyətində olmadığı mövqeyini dəstəkləyib:
"Biz iştirak etmirik, əvvəllər bizdən soruşulmayıb, biz iştirakçı deyilik. Almaniya bu vəziyyətdən kənarda qala bilər".
Bundan əvvəl ABŞ prezidenti NATO müttəfiqləri də daxil olmaqla bir neçə ölkədən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsində kömək istəmişdi. O, bəzi ölkələrin yardım göstərməkdən imtina etməsindən qəzəbləndiyini bildirmişdi.