Türkiyənin Antalya vilayətində meşə yanğınları ilə mübarizədə görülən tədbirlər nəticəsində hadisələrin sayında ciddi azalma qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Antalya valisi Hulusi Şahin Sahil Təhlükəsizlik Qrup Komandanlığında keçirilən İl Asayiş və Təhlükəsizlik Dəyərləndirmə Toplantısında açıqlayıb.
Məlumata görə, vali bu il tətbiq olunan erkən xəbərdarlıq sistemləri və maarifləndirmə tədbirlərinin müsbət nəticə verdiyini bildirib. Onun sözlərinə görə, cari ildə qeydə alınan meşə yanğınlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50 faiz azalıb.
Hulusi Şahin son dövrlərdə baş verən yanğınların əsas səbəblərinin daha çox təbii amillərlə bağlı olduğunu qeyd edib. O bildirib ki, yüksək temperatur, aşağı rütubət, güclü külək, elektrik xətlərində yaranan qısaqapanmalar və bəzi ərazilərdə öz-özünə alovlanma hallar yanğın riskini artırır.
Vali 28 iyul - 1 avqust tarixləri arasında baş verən yanğınlarda operativ müdaxilə sayəsində zərərin minimuma endirildiyini vurğulayıb. Hazırda jandarma qüvvələrinin meşəlik ərazilərdə nəzarəti gücləndirdiyi, yerli idarəetmə orqanları ilə məlumat mübadiləsinin davam etdirildiyi bildirilib.
Toplantıda Antalya sahillərində müşahidə olunan mikroplastik çirklənmə məsələsi də müzakirə olunub. Məlumata görə, çirklənmənin əsas səbəblərindən biri digər bölgələrdən axan tullantılarla əlaqələndirilir. Bu istiqamətdə avqustun sonu və ya sentyabrın əvvəlində müvafiq qurumların iştirakı ilə elmi seminarın keçirilməsi planlaşdırılır. Seminarsda sahillərin qorunması üçün yeni tədbirlərin müzakirə ediləcəyi gözlənilir.