Türkiyənin Muğla vilayətinin Bayır məhəlləsində yerləşən kənd təsərrüfatı sahəsində yanğın baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, güclü külək səbəbindən alov qısa müddətdə genişlənərək yaxınlıqdakı meşəlik əraziyə keçib. Yanğının sürətlə yayılması bölgədə ciddi narahatlıq yaradıb.
Bildirilib ki, hadisə barədə məlumat daxil olduqdan dərhal sonra yanğının söndürülməsi istiqamətində tədbirlərə başlanılıb. "Orman Genel Müdürlüğü"nün (OGM) koordinasiyası ilə əməliyyatlara 5 təyyarə, 11 helikopter, 40 yanğınsöndürmə maşını, 261 nəfərlik şəxsi heyət və könüllü qruplar cəlb olunub.
Qeyd olunub ki, yanğının nəzarət altına alınması üçün həm havadan, həm də qurudan müdaxilə davam etdirilir.
Məlumata görə, sıx tüstü və təhlükə səbəbindən təhlükəsizlik tədbirləri çərçivəsində "Fethiye-Antalya" avtomobil yolunda nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılıb. Sürücülərə alternativ marşrutlardan istifadə etmək tövsiyə edilib.