"Macarıstan tərəfindən bloklanan 90 milyard avroluq Ukrayna krediti ilə bağlı sabah müsbət qərarın qəbul olunacağı gözlənilir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Kaja Kallas bildirib
O, Ukraynanın bu kreditə həqiqətən ehtiyacı olduğunu vurğulayaraq qeyd edib ki, bu maliyyə dəstəyi eyni zamanda Rusiyaya mühüm mesaj olacaq.
Kallas deyib ki, 90 milyard avroluq kreditlə bağlı sabah müsbət qərar çıxacağı gözlənilir.
Macarıstan hökuməti isə “Drujba” boru kəməri vasitəsilə ölkəyə neft tədarükü bərpa olunana qədər Ukraynaya ayrılacaq 90 milyard avroluq Aİ kreditini bloklayacaqlarını açıqlamışdı.
Kallas əlavə edib ki, əsas gündəm mövzularından biri də Yaxın Şərqdəki hadisələrdir və toplantıda Livanın baş naziri Nevvaf Salam da iştirak edəcək.
O, BMT-nin Livandakı Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) mandatının bu ilin sonunda başa çatacağını xatırladaraq bildirib:
“Avropa olaraq daha nələr edə biləcəyimizi müzakirə edəcəyik.”
ABŞ prezidenti Donald Trampın İranın mülki infrastrukturuna yönəlik təhdidləri ilə bağlı suala cavabında Kallas qeyd edib ki, regional tərəfdaşlarla fəal işləyirlər:
“İranı ən yaxşı onlar tanıyır və danışıqlar masasında olan nümayəndələrin mövqeyini gücləndirmək üçün bu vacibdir. Atəşkəs çox həssasdır, lakin diplomatiyaya şans verilməlidir. Buna görə diplomatik həll tapılana qədər atəşkəsin uzadılacağına ümid edirəm.”
Kallas bildirib ki, işğal altındakı Qərb Sahilində baş verən hadisələr də müzakirə olunacaq.