“Ərzurumspor”un prezidenti Ahmet Dal Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin qış transfer pəncərəsində klubdan ayrılacağı barədə yayılan xəbərləri təkzib edib. Klub rəhbəri belə bir planlarının olmadığını və hücumçuya inandıqlarını bildirib.
Dalın sözlərinə görə, klubda Axundzadənin oyunundan və məşqlərdəki çalışqanlığından razıdırlar. O, futbolçunun komandada sevildiyini, özünün də “Ərzurumspor”a bağlı olduğunu vurğulayıb. Klub prezidentinin fikrincə, transfer dövrlərində bu cür şayiələrin yayılması adi haldır.
Ahmet Dal Axundzadənin komandaya uyğunlaşmasının vaxt aparmasını mövsümün əvvəlində milli komandanın düşərgəsində olduğu üçün kluba gec qoşulması və Ərzurumun coğrafi şəraiti ilə əlaqələndirib. Şəhərin yüksək dağlıq ərazidə yerləşməsi və iqlim şəraiti yeni gələn futbolçuların uyğunlaşmasını çətinləşdirə bilər. Baş məşqçi Serkan Baltanın hücumçunun performansından məmnun olduğu bildirilib.
Klub prezidenti Axundzadənin transferinin Azərbaycan və Türkiyə arasındakı qardaşlıq əlaqələrinə töhfə verdiyini, “Ərzurumspor”un bu əməkdaşlığı davam etdirməkdə maraqlı olduğunu da qeyd edib. 22 yaşlı futbolçu müqavilə ilə ABŞ-nin “Kolambus Kryu” klubuna məxsusdur. “Ərzurumspor” avqustda onunla birillik icarə müqaviləsi imzalayıb. (Azərtac)