Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə rəsmi səfər edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanettin Duran məlumat verib.
Səfərin ilk dayanacağı olan Riyadda Türkiyə lideri Səudiyyə Ərəbistanının Vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın dəvəti ilə ikitərəfli görüşlər keçirəcək.
Danışıqlar zamanı Türkiyə ilə Səudiyyə Ərəbistanı arasındakı əməkdaşlığın dərinləşdirilməsi üçün atılacaq addımlar, həmçinin regional və qlobal proseslər müzakirə olunacaq.
4 fevralda Prezident Ərdoğan Misir Prezidenti Əbdülfəttah əs-Sisinin dəvəti ilə Qahirəyə yollanacaq.
Qahirədə Türkiyə-Misir Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ikinci iclasına hər iki ölkə lideri həmsədrlik edəcək.
Görüşlərdə ikitərəfli münasibətlərlə yanaşı, Fələstin problemi başda olmaqla beynəlxalq və regional hadisələr ətrafında fikir mübadiləsi aparılacaq.
Səfər çərçivəsində həmçinin dövlət başçısının Türkiyə-Misir İş Forumunda iştirakı da nəzərdə tutulub.