Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO sammitinin plenar iclasında çıxışı zamanı Ukrayna böhranının həlli ilə bağlı açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ərdoğan ABŞ Prezidenti Donald Trampın Ukrayna böhranının nizamlanmasına dair təşəbbüslərinə dəstək ifadə edib.
Türkiyə lideri bildirib ki, Ankara bu istiqamətdə aparılan diplomatik səylərdə iştirak etməyə hazırdır. Ərdoğan qeyd edib ki, Donald Trampın sülhə dair yanaşmasını bölüşür və Ukraynanın prioritet ehtiyaclarının müəyyənləşdirilməsi ilə bağlı təşəbbüsünü dəstəkləyir.
Türkiyə Prezidenti vurğulayıb ki, Ankara Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə davam edir, eyni zamanda Rusiya ilə dialoq kanallarını açıq saxlayır.
Ərdoğanın sözlərinə görə, Rusiya tərəfi ilə təmasların qorunması münaqişənin diplomatik yolla həlli üçün mühüm amillərdən biridir. O bildirib ki, Türkiyə Rusiya-Ukrayna müharibəsinin davamlı sülhlə başa çatması üçün diplomatik səylərini davam etdirir.
Qeyd edək ki, Ankara daha əvvəl də tərəflər arasında danışıqların bərpası və sülh prosesinə töhfə vermək üçün vasitəçilik fəaliyyətini davam etdirdiyini açıqlayıb.