Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgədə gərginliyi azaldan ABŞ və İran arasındakı müvəqqəti atəşkəs qərarını məmnuniyyətlə qarşılayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ölkə lideri bu barədə özünün rəsmi "X" sosial media hesabında bəyanat yayıb.
"28 fevraldan bəri bölgəmizi alov meydanına çevirən müharibədə dünən gecə elan olunan atəşkəsi məmnuniyyətlə qarşılayırıq. Mümkün təxribat və sabotajlara fürsət verilmədən atəşkəsin tam şəkildə həyata keçirilməsini arzulayırıq. Başda dost və qardaş Pakistan olmaqla, atəşkəsin əldə olunması prosesinə töhfə verən bütün tərəfləri səmimi-qəlbdən təbrik edirik", - deyə R.T.Ərdoğan bildirib. O, həmçinin regionun ən qısa zamanda sülhə qovuşmasını arzuladığını və Türkiyənin dünyada sülhün səsini yüksəltməyə davam edəcəyini vurğulayıb.
Xatırladaq ki, ABŞ və İsrail 28 fevralda İrana qarşı hərbi əməliyyatlara başlayıb və nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei daxil olmaqla bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Buna cavab olaraq İran İsraillə yanaşı, Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə yerləşən ABŞ və müttəfiqlərinin hərbi bazalarına zərbələr endirib. Gərginliyin ardınca, 8 apreldə İran ilə ABŞ və müttəfiqləri ikihəftəlik atəşkəs barədə razılığa gəliblər.