Bölgədə hökm sürən gərginliyin səngidilməsi naminə Azərbaycanın və regionun digər altı dövlətinin nümayiş etdirdiyi səylər İran diplomatiyasının rəhbəri Abbas Əraqçi tərəfindən təqdirlə qarşılanıb.
Nazir xüsusilə vurğulayıb ki, Tehran və Vaşinqtonu masa arxasına dəvət etmək və tərəflər arasındakı danışıqları stimullaşdırmaq baxımından bu ölkələrin oynadığı rol əvəzsizdir.
"Operativ Məlumat Mərkəzi-OMM"-in İRNA agentliyinə istinadla yaydığı məlumata görə, İranın Xarici İşlər naziri qonşu dövlətlərlə intensiv məsləhətləşmələr apardıqlarını və həmin ölkələrin öz təşəbbüsləri ilə yardım əlini uzatdıqlarını diqqətə çatdırıb.
Prezident Məsud Pezeşkianla Azərbaycan, Türkiyə, Pakistan, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər və Misir liderləri arasındakı telefon diplomatiyasını xatırladan Abbas Əraqçi mövcud mənzərəni belə təsvir edib:
“Həmkarım olan xarici işlər nazirləri ilə də çoxsaylı telefon danışıqlarım baş tutub və bu proses davamlı olacaq. Biz region ölkələrin xoşməramlılığına və səmimi səylərinə böyük hörmətlə yanaşırıq. Gərginliyin hərarətinin aşağı salınmasında, ekstremal addımların qarşısının alınmasında və tərəflərin dialoqa cəlb edilməsində bu dövlətlərin rolu olduqca təsirlidir. Bölgə dövlətlərinin danışıqlar prosesinə dəstək verməsi müsbət haldır və biz onlarla məsləhətləşmələri davam etdirəcəyik”.
İranın baş diplomatı əmindir ki, region dövlətlərinin vasitəçilik missiyası təkcə İran-ABŞ danışıqlarının uğurla nəticələnməsi üçün deyil, həm də əldə olunacaq razılaşmanın dayanıqlılığı və ömrünün uzun olması baxımından həyati əhəmiyyət kəsb edir.
Diplomatik təmasların coğrafiyası bununla məhdudlaşmır. Abbas Əraqçi rəsmi Tehranın strateji tərəfdaşları – Çin və Rusiya ilə də daimi təmasda olduğunu bəyan edib:
“Dünən müavinim Çin və Rusiya səfirləri ilə bir araya gəldi. Biz onları danışıqların detalları və gedişatı barədə məlumatlandırdıq, bu istiqamətdə məsləhətləşmələrimiz davam edəcək”.