Demokratik Konqo Respublikasında (DKR) yayılan Ebola epidemiyası ABŞ dəstəyi ilə həyata keçirilən mədən layihələrinin icrasına mənfi təsir göstərir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, "Reuters" agentliyinin məlumatına görə, karantin tədbirləri və hərəkət məhdudiyyətləri səbəbindən investisiya danışıqları və bir sıra layihələrin icrası çətinləşib.
Məlumata əsasən, Konqoda fəaliyyət göstərən ABŞ dəstəkli mədən şirkətlərindən biri hazırkı əməliyyatların birbaşa təsirlənmədiyini bildirsə də, məhdudiyyətlər "ABŞ-Konqo Strateji Tərəfdaşlıq Sazişi" çərçivəsində nəzərdə tutulan genişlənmə planlarını ləngidir.
Bildirilir ki, təchizatçıların, məsləhətçilərin və investorların ölkəyə giriş-çıxışında yaranan çətinliklər logistik problemləri daha da artırıb.
Diplomatik mənbələrin məlumatına görə, epidemiya səbəbindən Vaşinqtonda keçirilməsi planlaşdırılan və ABŞ-nin Konqodakı layihələrini müzakirə edəcək iclas təxirə salınıb. İyul ayına nəzərdə tutulan qiymətləndirmə görüşü isə əsas tərəfdaşların ABŞ-dən səfər edə bilməməsi səbəbindən ləğv edilib.
Qeyd olunur ki, bəzi investorlar və rəsmilər görüşləri Paris və Brüsselə köçürməyə məcbur qalıblar. Şirkət nümayəndələri xəbərdarlıq edirlər ki, səyahət məhdudiyyətləri layihələrin icra müddətinin uzanmasına səbəb ola bilər.