Türkiyənin birinci xanımı Əminə Ərdoğan ölkədə həyata keçirilən “Su Verimliliyi Səfərbərliyi” çərçivəsində görülən işlərlə bağlı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Əminə Ərdoğan bu təşəbbüsün su ehtiyatlarının qorunmasına yönəlmiş genişmiqyaslı transformasiya prosesinin ilkin mərhələsi olduğunu bildirib.
Məlumata görə, birinci xanım xüsusilə “Su Verimliliyi Məlumat Sistemi və Sertifikatlaşdırma Prosesi”nin tətbiqinə diqqət çəkib. O qeyd edib ki, yeni mexanizm suyun hər damlasının qorunması prinsipini bütün sahələrdə daha da gücləndirəcək və dayanıqlı su idarəçiliyinə mühüm töhfə verəcək.
Bildirilib ki, Əminə Ərdoğan su ehtiyatlarının səmərəli istifadəsinin vacibliyini vurğulayaraq bu istiqamətdə həyata keçirilən addımların gələcək nəsillər üçün daha dayanıqlı ekoloji mühitin formalaşmasına xidmət etdiyini qeyd edib.
Qeyd olunub ki, birinci xanım su resurslarına qarşı məsuliyyətli yanaşmanın cəmiyyətin bütün təbəqələri üçün prioritet olmasının vacibliyini də diqqətə çatdırıb.