Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Böyük Britaniyadakı siyasi vəziyyətlə bağlı açıqlama verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Peskov bu fikirləri XII Beynəlxalq Elmi-Ekspert Forumu olan “Primakov qiraətləri” çərçivəsində keçirilən sessiyada səsləndirib.
Məlumata görə, “XXI əsrin ortalarına doğru dünya nizamı ssenariləri” mövzusunda moderator kimi çıxış edən Peskov Böyük Britaniya hökumətində baş verən kadr dəyişikliklərinə toxunaraq ironik şərh verib. O qeyd edib ki, hazırkı qlobal proseslərin nəticələrini gələcək nəsillər qiymətləndirəcək və XXI əsrin ortalarınadək dünya nizamının necə formalaşacağını proqnozlaşdırmaq çətindir.
Bildirilib ki, Peskov çıxışı zamanı Böyük Britaniyadakı siyasi dəyişikliklərə eyham vuraraq “hazırda XXI əsrin ortalarına qədər Böyük Britaniyada neçə baş nazirin dəyişəcəyini proqnozlaşdıra bilmərik” ifadəsini işlədib.
Qeyd olunub ki, bəzi siyasi ekspertlər Böyük Britaniyada son illərdə baş verən hökumət dəyişikliklərini ölkənin siyasi sabitliyi ilə bağlı müzakirələr kontekstində qiymətləndirirlər. Analitik İvan Mezyuxo isə bu dəyişikliklərin Rusiya üçün ciddi fərq yaratmadığını və bunun Böyük Britaniyanın siyasi sistemindəki daxili dinamika ilə bağlı olduğunu bildirib.