Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yol 2022-ci il prezident seçkiləri kampaniyası dövründə seçki qanunvericiliyini pozduğu üçün 18 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, məhkəmənin qərarına əsasən, sabiq prezident sınaq müddəti ərzində yeni cinayət törətməzsə və ya hökm ləğv edilməzsə, dərhal həbs olunmayacaq. Tərəflərin qərardan apellyasiya şikayəti vermək hüququ olduğu bildirilib.
Bildirilib ki, hökm apellyasiya instansiyasında qüvvədə qalacağı təqdirdə, Yun Sok Yolun mənsub olduğu mühafizəkar Xalqın Gücü Partiyası (People Power Party) dövlət büdcəsinə 2022-ci il seçkiləri üçün ayrılmış və sonradan Milli Seçki Komissiyası tərəfindən kompensasiya edilmiş 39,7 milyard von (təxminən 27,1 milyon ABŞ dolları) vəsaiti geri qaytarmalı ola bilər.
Məlumata görə, bu qərar sabiq prezidentin üzləşdiyi hüquqi problemlərin yalnız bir hissəsidir. Belə ki, cari ilin əvvəlində Seul məhkəməsi onu 2024-cü ilin oktyabrında Şimali Koreyaya qarşı gizli pilotsuz uçuş aparatı əməliyyatında və hakimiyyətdən sui-istifadədə təqsirli bilərək 30 il müddətinə azadlıqdan məhrum edib. Prokurorluq həmin əməliyyatların ölkədə hərbi vəziyyət elan etmək üçün bəhanə yaratmaq məqsədi daşıdığını iddia edir.
Qeyd olunub ki, Yun Sok Yol 2024-cü ilin dekabrında elan etdiyi, lakin qısa müddət sonra parlament tərəfindən ləğv edilən hərbi vəziyyətlə bağlı da mühakimə olunur. O, hərbi qiyam təşkil etmək ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib və hazırda həmin qərardan apellyasiya şikayəti verib. Konstitusiya Məhkəməsinin impiçment qərarından sonra vəzifəsindən uzaqlaşdırılan sabiq prezident barəsində digər cinayət işləri üzrə araşdırmalar da davam edir.