Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlanıb: İlk sırada hansı şəhərdir?
Dünyanın ən sürətlə böyüyən şəhərlərinin siyahısı açıqlanıb. 2026-cı il üzrə göstəricilərə əsasən, reytinqdə Asiya və Afrika şəhərləri üstünlük təşkil edir. Hindistanın Qaziabad şəhəri illik 5,2 faizlik əhali artımı ilə ilk sırada qərarlaşıb. İndoneziyanın paytaxtı Cakarta isə 41,9 milyon nəfərlik əhalisi ilə dünyanın ən böyük şəhəri kimi göstərilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, “World Population Review” tərəfindən yayımlanan siyahıda şəhərlər illik əhali artımına görə sıralanıb. İlk 10-luqda Asiya və Afrika şəhərləri üstünlük təşkil etsə də, Meksikanın Toluka şəhəri bu regionlardan kənarda yer alan yeganə şəhər olub.

Dünyanın ən sürətlə böyüyən şəhərləri hansılardır?
İllik əhali artımına görə siyahının ilk pilləsində Hindistanın paytaxt Dehli yaxınlığında yerləşən Qaziabad şəhəri qərarlaşıb. Burada əhali artımının illik 5,2 faiz olduğu bildirilir.
İlk sıralarda yer alan digər şəhərlər isə bunlardır:
- Qaziabad, Hindistan – 5,2 faiz
- Surat, Hindistan – 4,99 faiz
- Kabil, Əfqanıstan – 4,74 faiz
- Laqos, Nigeriya – 4,44 faiz
- Toluka, Meksika – 4,25 faiz
- Lubumbaşi, Konqo Demokratik Respublikası – 4,1 faiz
- Kampala, Uqanda – 4,03 faiz
Təxminən 4 faizlik illik artımla Anqolanın Luanda, Tanzaniyanın Dar əs-Salam, Keniyanın Nayrobi, Malinin Bamako, eləcə də Hindistanın Patna, RacKot və Fəridabad şəhərləri də siyahıda yer alıb.
Beşillik əhali artımı göstəricilərində isə Hindistanın Kerala ştatında yerləşən Malappuram şəhəri 44 faizlə ilk sırada göstərilib. Vyetnamın Kan Tho və Çinin Suqian şəhərlərində əhalinin beş il ərzində 37 faiz artdığı qeyd olunur.
Cakarta dünyanın ən böyük şəhəri olub
Şəhərlərin ümumi əhalisinə görə sıralamasında da diqqətçəkən dəyişikliklər qeydə alınıb. Məlumata əsasən, İndoneziyanın paytaxtı Cakartanın əhalisi 41,9 milyona çataraq Yaponiyanın paytaxtı Tokionu geridə qoyub.
Banqladeşin paytaxtı Dəkkə 36,6 milyon nəfərlə ikinci, Tokio isə 33,4 milyon nəfərlə üçüncü yerdə göstərilib. Hindistanın paytaxtı Dehlinin əhalisi 30,2 milyon, Çinin Şanxay şəhərinin əhalisi isə 29,6 milyon nəfər olaraq qeyd edilib.
Əhalisinin sayına görə dünyanın ən böyük 20 şəhərinin siyahısı belədir:
- Cakarta, İndoneziya – 41,9 milyon
- Dəkkə, Banqladeş – 36,6 milyon
- Tokio, Yaponiya – 33,4 milyon
- Dehli, Hindistan – 30,2 milyon
- Şanxay, Çin – 29,6 milyon
- Quançjou, Çin – 27,6 milyon
- Qahirə, Misir – 25,6 milyon
- Manila, Filippin – 24,7 milyon
- Kolkata, Hindistan – 22,6 milyon
- Seul, Cənubi Koreya – 22,5 milyon
- Karaçi, Pakistan – 21,4 milyon
- Mumbay, Hindistan – 20,2 milyon
- San-Paulu, Braziliya – 19 milyon
- Banqkok, Tailand – 18,2 milyon
- Mexiko, Meksika – 17,7 milyon
- Pekin, Çin – 17 milyon
- Lahor, Pakistan – 15,2 milyon
- İstanbul, Türkiyə – 15 milyon
- Moskva, Rusiya – 14,5 milyon
- Ho Şi Min şəhəri, Vyetnam – 14,1 milyon
Sürətli şəhərləşmə infrastruktur problemlərini artırır
Şəhərlərdə əhalinin sürətlə artması yeni iş yerləri, daha yüksək gəlir imkanları, təhsil və xidmətlərə çıxışla əlaqələndirilir. Bununla yanaşı, sürətli şəhərləşmə nəqliyyat, su təchizatı, kanalizasiya, mənzil təminatı və digər infrastruktur sahələrində ciddi çətinliklər yarada bilər.
“World Population Review”un məlumatında dünya əhalisinin təxminən 55 faizinin şəhərlərdə yaşadığı, bu göstəricinin 2050-ci ilə qədər 68 faizə yüksələ biləcəyi bildirilir.
Nümunə kimi Nigeriyanın Laqos şəhəri göstərilir. Məlumata əsasən, şəhər əhalisinin 10 faizindən azının kanalizasiya sisteminə qoşulmuş evlərdə yaşadığı, 20 faizindən azının isə mərkəzləşdirilmiş su təchizatına çıxışının olduğu qeyd edilir.
Birləşmiş Millətlər Təşkilatının proqnozlarına görə, 2018–2050-ci illər ərzində dünya şəhərlərində əhali artımının 35 faizi Hindistan, Çin və Nigeriyanın payına düşə bilər.
Şəhərlərin sürətlə böyüməsi iqtisadi imkanları genişləndirsə də, bu artımın əhalinin mənzil, su, nəqliyyat və digər əsas ehtiyacları ilə uyğunlaşdırılması mühüm məsələ olaraq qalır.