ABŞ Prezidenti Donald Tramp İranla bağlı diplomatik həllə üstünlük verdiklərini, lakin zərurət yaranarsa hərbi addımlara hazır olduqlarını bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Tramp bu barədə Nevada ştatının Las-Veqas şəhərində keçirilən iqtisadi tədbirdə çıxışı zamanı danışıb.
Məlumata görə, Tramp İranın nüvə silahına sahib olmasına qəti şəkildə qarşı olduqlarını bildirib. O qeyd edib ki, hərbi qarşıdurmadan daha çox diplomatik razılığa üstünlük verir və insan itkilərinin yaşanmasını istəmir.
ABŞ Prezidenti həmçinin İkinci Dünya müharibəsindən bəri ən böyük hərbi əməliyyatlardan birini başlatmağa hazır olduqlarını, lakin Körfəz ölkələrinin liderləri və İran rəsmilərinin danışıq çağırışından sonra bu planı təxirə saldıqlarını açıqlayıb. Trampın sözlərinə görə, hazırda tərəflər arasında danışıqlar davam edir.
Bununla yanaşı, Tramp diplomatik səylərin nəticəsiz qalacağı təqdirdə İrana qarşı sərt hərbi cavab veriləcəyini də istisna etməyib. O vurğulayıb ki, ABŞ-nin əsas məqsədi İranın nüvə silahı əldə etməsinin qarşısını almaqdır.