ABŞ-li müğənni, bəstəkar və aktrisa Dolli Parton 80 yaşında vəfat edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
O, Naşvildəki Vanderbilt-Ingram Xərçəng Mərkəzində, yaxınlarının əhatəsində dünyasını dəyişib.
Partonun köməkçisi sənətçinin xərçəng xəstəliyi ilə qısa müddət mübarizə apardıqdan sonra vəfat etdiyini açıqlayıb.
Onun hansı növ xərçəngdən əziyyət çəkdiyi barədə məlumat verilməyib.
Dolli Rebeka Parton 19 yanvar 1946-cı ildə ABŞ-nin Tennessi ştatında dünyaya gəlib.
O, uşaqlıqdan mahnılar yazmağa başlayıb və yeniyetməlik illərində Naşvilə gedərək musiqi karyerasının əsasını qoyub. Sonrakı illərdə “Jolene”, “I Will Always Love You”, “9 to 5” və “Coat of Many Colors” kimi mahnıları ilə dünya şöhrəti qazanıb.
Parton yalnız musiqi ilə kifayətlənməyib. 1986-cı ildə doğulduğu Tennessi bölgəsində Dollywood əyləncə parkını yaradıb. O, həmçinin kino sahəsində fəaliyyət göstərərək “9 to 5”, “The Best Little Whorehouse in Texas” və “Steel Magnolias” filmlərində rol alıb.
Karyerası ərzində 3 mindən çox mahnı yazan Parton 10 “Qremmi” mükafatına layiq görülüb və musiqi tarixinin ən çox satılan qadın sənətçilərindən birinə çevrilib.
Parton təxminən 60 il evli olduğu Karl Dinlə uzun illər ictimaiyyətdən uzaq həyat sürüb. Karl Din 3 mart 2025-ci ildə 82 yaşında vəfat etmişdi.