ABŞ-da aralıq seçkilərində Demokratların geniş qələbəsi texnologiya səhmlərinin dəyərinin dünya üzrə azalmasına səbəb olub. İnvestorlar süni intellektə dair daha sərt tənzimləmələrin infrastrukturun inkişafını ləngidə və bu il bazar artımını dəstəkləyən yüksəlişə zərər vura biləcəyindən ehtiyat edirlər. AnewZ-nin “Reuters”ə istinadən verdiyi məlumata görə, Demokratlar ənənəvi olaraq Respublikaçıların üstünlük təşkil etdiyi ştatlarda Senatın yeddi yerini, Nümayəndələr Palatasında azı 39 yeri və qubernatorluq uğrunda beş yarışı qazanıblar.
Texnologiya şirkətlərinin səhmlərinin üstünlük təşkil etdiyi “Nasdaq Composite” indeksi 5,56 faiz geriləyib. Bu, indeksin son 19 ayda qeydə aldığı ən kəskin enişdir.
“Nvidia”nın səhmləri 9 faizdən çox ucuzlaşıb və şirkətin bazar dəyəri 400 milyard dollardan artıq azalıb. “AMD” və “Micron”un səhmlərinin hər biri 17 faizdən çox dəyər itirib.
Cümə günü satış təzyiqi Asiya bazarlarına da yayılıb. Yaponiyanın “Nikkei” indeksi ticarətin əvvəlində təxminən 6 faiz düşüb, Cənubi Koreyanın “Kospi” indeksi isə 8 faizdən çox geriləyib və bir müddət ticarət dayandırılıb.
Tayvanın əsas fond indeksi də kəskin enib. “Samsung”, “SK Hynix” və “TSMC” daxil olmaqla, iri çip istehsalçıları ciddi itkilərlə üzləşiblər.
İnvestorlar Demokratlar arasında süni intelleqə qarşı mövcud münasibət fonunda bu sahəyə yatırılan böyük vəsaitin gözlənilən gəliri gətirib-gətirməyəcəyini sorğulayırlar.
Seçkilərin nəticələri prezident Donald Trampa qarşı narazılığın geniş yayıldığını da göstərib. Narazılığın səbəblərindən biri onun İranda müharibəyə başlamaq qərarı olub; bu, yanacaq qiymətlərinin kəskin artmasına səbəb verib. Demokratlar Texas, Cənubi Karolina, Kanzas və Ayova kimi ənənəvi olaraq Respublikaçıların idarə etdiyi ştatlarda da qələbə qazanıblar.
Süni intellekt infrastrukturunun inkişafı tənzimləmə qeyri-müəyyənliyi ilə üzləşir
“SimCorp”un investisiya qərarları üzrə tədqiqat bölməsinin qlobal rəhbəri Melissa Brown bildirib ki, investorlar yeni seçilmiş bəzi konqres üzvlərinin və qubernatorların süni intellekt infrastrukturunun inkişaf tempini azaltmaq istədiyini nəzərə alırlar. Onun sözlərinə görə, bu inkişafı tamamilə dayandırmaq ehtimalı az görünsə də, istənilən ləngimə narahatlıq yarada bilər, çünki süni intellekt sahəsinin böyüməsi əsasən dəstəkləyici infrastrukturun sürətlə qurulmasından asılı olub.
Texasda qubernator seçilmiş Gina Hinojosa üç müddət qubernator olmuş Respublikaçı Greg Abbott-u məğlub edib. Hinojosa süni intellekt serverlərinin yerləşdirilməsi üzrə ən sürətlə böyüyən bazarlardan biri olan ştatda yeni məlumat mərkəzlərinin tikintisini dayandıracağına söz verib.
Konqresdəki Demokratlar məlumat mərkəzləri ilə əlaqəli elektrik enerjisi xərclərinin artmasından istehlakçıları qorumağı və süni intellekt sistemlərinin müstəqil sınaqdan keçirilməsini tələb edən qanunvericilik təşəbbüslərini dəstəkləyiblər. Partiyanın qələbələrinin süni intellekt bumunun mərkəzində dayanan yeni məlumat mərkəzlərinə qarşı çıxanlara əlavə imkanlar verəcəyi gözlənilir. Bu mərkəzlər səs-küylü, su və elektrik enerjisi tutumlu olduğuna görə ətraf sakinlər arasında getdikcə daha çox narazılıq doğurur.
Prezident Donald Tramp cümə axşamı ictimaiyyət qarşısında yeganə çıxışı zamanı Ağ Evin Oval kabinetini milli abidə elan etməyə yönəlmiş sənədi imzalayıb. Tramp ötən il yenidən hakimiyyətə qayıtdıqdan sonra kabineti qızılı rəngli haşiyələr, yeni heykəllər və rəsmlərlə bəzəyib.
Aralıq seçkilərində Respublikaçıların böyük məğlubiyyətindən iki gün sonra jurnalistlərə danışan Tramp kabinetdə çoxlu qələbələr qazandıqlarını deyib. O, fond bazarındakı ucuzlaşma və süni intellektin inkişafına mümkün məhdudiyyətlərlə bağlı narahatlıqlara toxunmayıb.
Tramp masanın arxasında əyləşərək, üzərində böyük hərflərlə “VETO” yazılmış qırmızı papağa işarə edib. O, kabinetdə səhvlərin də olduğunu, lakin çox böyük qələbələr qazandıqlarını deyib. Tramp bildirib ki, kabinet milli abidə elan ediləcək və heç kimin onu dəyişməsinə, dağıtmasına və ya sökməsinə, başqa formalı bir şey tikmək üçün müdaxilə etməsinə icazə verilməyəcək.
Trampın son ictimai çıxışları Ağ Evdəki yenidənqurma işlərinə də həsr olunub. O, bazar ertəsi Linkoln Memorialının əks etdirici hovuzunda edilən dəyişikliklərdən danışıb, çərşənbə günü isə jurnalistlərə Ağ Evdə tikilən bal zalını göstərib. Bal zalı onun sökdürdüyü tarixi Şərq qanadının yerində inşa olunur.
Demokratların Senatda çoxluğu arta bilər
Cümə axşamına olan məlumata görə, Alyaska və Missisipi ştatlarında Senat seçkilərinin nəticəsi hələ müəyyənləşməmişdi. Hər iki ştatda Demokratlar az fərqlə öndə idilər. Partiya hər iki yarışı qazansa, Senatdakı yerlərinin sayı 56-ya yüksələ, Respublikaçıların sayı isə 44 ola bilər.
Yeni Konqres yanvarda fəaliyyətə başlayanda Demokratların genişlənmiş səlahiyyətlərindən Tramp administrasiyası, ailəsi və müttəfiqləri barədə araşdırmalar aparmaq, eləcə də əsas qanunvericilik təşəbbüsləri üzrə güzəştlər əldə etməyə çalışmaq üçün istifadə edəcəkləri gözlənilir. Senatda çoxluq onlara Trampın namizədlərini, o cümlədən boş yer yaranarsa, ABŞ Ali Məhkəməsinə təyinatları bloklamaq imkanı da verəcək.
Həmin vaxta qədər Konqresə Respublikaçılar nəzarət edəcək. Qanunvericilərin dekabrın 11-dən sonra federal hökumətin maliyyələşdirilməsini təmin edən tədbiri qəbul etməsi lazımdır. Respublikaçılar Demokratlar hakimiyyətə gələnədək davam edəcək “lame-duck” iclas dövründən mühafizəkar siyasət prioritetlərini irəli aparmaq üçün istifadə edə bilərlər.