İsrail ordusunun 2023-cü ilin oktyabr ayından etibarən Qəzza zolağına endirdiyi zərbələr nəticəsində həlak olanların sayı 72 min 941 nəfərə çatıb. "Operativ Məlumat Mərkəzi-OMM"-in Qəzza Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumata görə, atəşkəs rejimi şəraitində belə bölgəyə hücumlar səngimir.
Nazirliyin açıqlamasında son 24 saat ərzində xəstəxanalara 2 nəfərin cənazəsinin gətirildiyi, 40 nəfərin isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilib. Statistikaya əsasən, 10 oktyabr 2025-ci il tarixində qüvvəyə minən atəşkəsdən sonra İsrailin hücumları nəticəsində:
- 932 nəfər həyatını itirib;
- 2 min 859 nəfər yaralanıb;
- Dağıntılar altından 781 nəfərin nəşi çıxarılıb.
Qeyd edək ki, 2023-cü ilin oktyabrından bəri davam edən hərbi əməliyyatlar zamanı yaralananların ümumi sayı 172 min 967 nəfərə yüksəlib. Nazirlik həmçinin vurğulayıb ki, Qəzzada hələ də minlərlə insanın cənazəsi dağıntılar altında qalmaqdadır.