Kolumbiyanın qərb bölgəsində avqustun 10-da baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində ölənlərin sayı 254 nəfərə çatıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, rəsmi məlumatlara əsasən, təbii fəlakət nəticəsində ən çox itki 101 nəfərlə qəhvə istehsalı ilə tanınan Pereira bölgəsində, 95 nəfərlə isə ölkənin üçüncü böyük şəhəri olan Kalidə qeydə alınıb.
Məlumata görə, zəlzələ nəticəsində təxminən 1600 bina tamamilə dağılıb və ya ciddi zərər görüb.
Hazırda 2700-dən çox şəxsin itkin düşdüyü bildirilir. Yaxınlarından xəbər ala bilməyən ailələr sosial şəbəkələr və vətəndaşların yaratdığı xüsusi internet resursları vasitəsilə itkin şəxslərlə bağlı məlumat axtarırlar.
Bölgədə axtarış-xilasetmə işləri davam etdirilir. Əməliyyatlara ağır texnika, o cümlədən kran və ekskavatorlar, eləcə də çoxsaylı könüllülər cəlb olunub.
Xilasetmə işlərini çətinləşdirən əsas amillərdən biri isə zəlzələdən sonra 100-dən çox artçı təkanın qeydə alınmasıdır.
Beynəlxalq ictimaiyyət də Kolumbiyaya dəstəyini ifadə edib. Türkiyə və İsrail də daxil olmaqla, 10-a yaxın ölkə təbii fəlakətlə bağlı Kolumbiyaya dəstək mesajları göndərib.