Kiberpolis bank və bank olmayan kredit təşkilatlarının adından saxta fişinq səhifələri yaradan haker şəbəkəsini ifşa edib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, DİN-in Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi bank və kredit təşkilatlarının rəsmi səhifələrinə vizual olaraq bənzər saxta saytlar yaradaraq sosial şəbəkələrdə aşağı faizli kredit elanları paylaşan şəxslərə qarşı əməliyyat keçirib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində zərərçəkənlərin kart məlumatlarının ələ keçirilməsində eyni üsullardan istifadə edildiyi müəyyən olunub. Davam edən tədbirlər zamanı qabaqcadan əlbir olaraq 500-ə yaxın şəxsə qarşı kiberdələduzluq törətməkdə şübhəli bilinən 23 yaşlı Kənan Qasımov və 30 yaşlı İmam İşməmmədov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, şübhəlilər həqiqi internet ünvanlarına bənzər fişinq səhifələri vasitəsilə vətəndaşları aldadaraq onları aşağı faizli kredit təkliflərinə inandırıblar. Nəticədə zərərçəkənlər CVV və OTP təhlükəsizlik kodları daxil olmaqla kart məlumatlarını özləri könüllü şəkildə ötürüblər. Həmin məlumatlardan istifadə edən şəxslər vətəndaşların hesablarına daxil olaraq vəsaitləri talayıblar.
İzlərini itirmək məqsədilə əldə edilən pullar qanunsuz onlayn kazino oyunlarına və müxtəlif hesablara köçürülərək nağdlaşdırılıb. Saxlanılan şəxslər ilkin ifadələrində bu yolla ümumilikdə 400 min manata yaxın maddi vəsait ələ keçirdiklərini etiraf ediblər.
Faktla bağlı cinayət işi başlanılıb, K.Qasımov və İ.İşməmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
DİN vətəndaşlara bir daha xəbərdarlıq edərək bildirib ki, kredit və maliyyə xidmətləri ilə bağlı yalnız Mərkəzi Bank tərəfindən lisenziyalaşdırılmış qurumlara müraciət edilməli, şübhəli linklərə daxil olunmamalı və kart məlumatları üçüncü şəxslərə ötürülməməlidir. Riskli hallarla qarşılaşıldıqda dərhal polisə məlumat verilməsi tövsiyə olunur.