Yunanıstanda gömrük əməkdaşlarının elan etdiyi tətil səbəbindən Türkiyənin Ədirnə vilayətində yerləşən "Pazarkule" və "İpsala" sərhəd-keçid məntəqələrində nəqliyyat vasitələrinin hərəkəti tamamilə dayandırılıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, gömrük işçilərinin işi dayandırması Yunanıstana keçmək istəyən sürücülər üçün ciddi çətinliklər yaradıb.
Bildirilib ki, sərhəd-keçid məntəqələrindəki məsul şəxslər, xüsusilə Avropada yaşayan vətəndaşları alternativ marşrutlardan istifadə etməyə yönləndirirlər. Sürücülər əsasən Bolqarıstan istiqamətində yerləşən "Kapıkule" sərhəd-keçid məntəqəsinə göndərilir.
Məlumata görə, yaranmış vəziyyət səbəbindən sürücülər əlavə məsafə qət edərək alternativ yollardan istifadə etmək məcburiyyətində qalıblar.
Avropaya qayıtmağa çalışan sürücülər sərhəddə yaranan vəziyyətdən narazılıqlarını bildiriblər. Almaniyaya gedən Ahmet Türkoğlu "Pazarkule" sərhəd qapısını seçdiyini, lakin tətil səbəbindən "Kapıkule"yə yönləndirildiyini qeyd edib.
Fransaya gedən Cihan Rayman və Belçikaya yola düşən Nesimi Can da eyni problemlə üzləşdiklərini bildirərək, təxminən 20 kilometr əlavə yol qət edib "Kapıkule" sərhəd-keçid məntəqəsinə getməli olduqlarını açıqlayıblar.