ABŞ-nin Kuba rəhbərliyinə və bir sıra təşkilatlara qarşı yeni sanksiyalar tətbiq etməsi iki ölkə arasında gərginliyi artırıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Kuba Prezidenti Migel Dias-Kanel bu addımları “təzyiq və blokadanın sərtləşdirilməsi” kimi qiymətləndirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Kubaya qarşı yeni təhdid xarakterli açıqlamalar verib və ABŞ Maliyyə Nazirliyi sanksiya siyahısını genişləndirərək Kuba rəhbərliyinin, dövlət qurumlarının və şirkətlərinin yeni adlarını əlavə edib. Dias-Kanel bu tədbirlərin embarqonun gücləndirilməsinə və Kuba ilə ABŞ arasında gərginliyin daha da artırılmasına xidmət etdiyini bildirib.
Kuba Prezidenti qeyd edib ki, bu cür siyasət “siyasi korluq” nümunəsidir və Kuba xalqına zərər verən məcburi tədbirləri daha da dərinləşdirir.
Xatırladaq ki, iyunun 4-də ABŞ Kubanın keçmiş lideri Raul Kastronun ailə üzvlərinə, o cümlədən onun oğlu və nəvəsinə, həmçinin Kuba Prezidenti və ailəsinə qarşı sanksiyalar tətbiq edib. Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi bir sıra Kuba dövlət qurumlarını da siyahıya daxil edib. Onların sırasında Kuba İnqilabi Silahlı Qüvvələr Nazirliyi, Kuba Xalqlar Dostluğu İnstitutu və Kuba İnqilabının Müdafiəsi Komitələri də yer alır.