İyunun 2-də Ermənistanın Masis şəhərində seçki kampaniyası zamanı insident qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, rusiyalı iş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" müxalifət blokunun tərəfdarlarına qarşı hücum edilib. Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Kadrlarda bir qrup şəxsin müxalifət blokunun bayraqlarını və simvollarını daşıyan şəxslərə fiziki müdaxilə etdiyi, bir kişi və bir qadının döyüldüyü əks olunub.
Ermənistan İstintaq Komitəsinin sözçüsü Kima Avdalyan bildirib ki, hadisə ilə bağlı daxil olan iki məlumat əsasında cinayət işi başlanıb.
Onun sözlərinə görə, araşdırma bir qrup şəxs tərəfindən törədilən fiziki zorakılıq, xuliqanlıq və seçki kampaniyasına mane olma maddələri üzrə aparılır.
Bununla belə, İstintaq Komitəsinin açıqlamasında hücumu törədən şəxslərin siyasi mənsubiyyəti ilə bağlı məlumat verilməyib.
Qeyd edək ki, Ermənistanda seçkiqabağı təşviqat kampaniyası bu həftə başa çatır. Seçkilərin iyunun 7-də keçirilməsi nəzərdə tutulur.