Tayvan Müdafiə Nazirliyi Çin ordusuna məxsus hərbi hava vasitələrinin bu gün səhər saatlarından etibarən Tayvan adası ətrafında 21 uçuş həyata keçirdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, uçuşlarda J-10, J-11, J-16, JH-7 və Su-30 qırıcıları, həmçinin KJ-500 erkən xəbərdarlıq və Y-8 elektron müharibə təyyarələri iştirak edib.
Qurumun məlumatına görə, uçuşların 15-i Tayvan boğazında tərəflərin təsir dairələrini ayırdığı qəbul edilən orta xətti keçib. Həmin uçuşlar Tayvanın “Hava Hücumundan Müdafiə Tanınma Zonası” elan etdiyi ərazinin şimal, mərkəz və cənub-qərb hissələrində qeydə alınıb.
Tayvan Müdafiə Nazirliyi uçuşların Çin ordusunun “Birgə döyüş hazırlığı patrulu” çərçivəsində həyata keçirildiyini bildirib. Tayvan ordusunun vəziyyəti izlədiyi və uyğun cavab tədbirləri gördüyü qeyd olunub.
Çinin öz ərazisinin bir hissəsi hesab etdiyi Tayvan 1949-cu ildən faktiki müstəqil idarə olunur. Çin materiki ilə Tayvan arasında vətəndaş müharibəsindən sonra yaranan ayrılıq və suverenlik mübahisəsi davam edir.
Pekin son illərdə Tayvan üzərində hərbi təzyiqi artırıb və adanın materiklə yenidən birləşdirilməsi üçün zərurət yaranacağı təqdirdə gücdən istifadə edə biləcəyini vurğulayıb.