Çin ölkənin cənub-qərb bölgələrini dənizə birbaşa çıxışla təmin edən 10,75 milyard dollar dəyərində Pinglu kanalını rəsmi olaraq istifadəyə verib.
134,2 kilometr uzunluğundakı kanal Çinin cənubundakı Quansi-Cuan Muxtar Rayonunun paytaxtı Nannini Beibu körfəzi ilə birləşdirir. Bu körfəz Çinin cənub-qərb bölgəsinin böyük hissəsi üçün ən yaxın dəniz çıxışıdır.
Pinglu kanalı 1949-cu ildə Çin Xalq Respublikası yaradıldıqdan sonra milli səviyyədə planlaşdırılan və əlaqələndirilən ilk çay-dəniz kanalı layihəsidir. Tikinti işləri 2022-ci ilin avqustunda başlayıb və dörd il davam edib.
Kanal 5 min tonadək yükdaşıyan gəmiləri qəbul edə bilir. Yeni su yolu əvvəlki marşrutla, Quançjou üzərindən həyata keçirilən səfərlə müqayisədə Çinin cənub-qərbi ilə sahil arasındakı daxili su yolu məsafəsini 560 kilometrdən çox qısaldır.
Layihənin daşınma xərclərini 18-30 faiz azaltması və gəmiçilik sektoruna ildə 745,5 milyon dollardan çox qənaət gətirməsi gözlənilir.
Kanal Nanninin Hençjou şəhərindəki Pintaçzyankou ərazisindən başlayır, Çjinnovdakı Luvu ərazisindən keçir və daha sonra Tsinçzyan çayı boyunca Beibu körfəzinə çatır. Kanal Çinin I dərəcəli daxili su yolu standartlarına uyğun inşa edilib.
İstifadəyə verildiyi ilk gün tikinti materialları, polad, kömür, filiz və gübrə də daxil olmaqla minlərlə ton yük daşıyan 30 gəmi kanaldan keçib. Əməliyyatları Tsinçjou və Nannin limanları həyata keçirib.
Rəsmilər kanal boyunca dörd yeni sərnişin marşrutunun yaradılmasını da planlaşdırıblar. Bu marşrutlardan biri artıq fəaliyyət göstərir.
Layihə çərçivəsində ətraf mühitin qorunması tədbirləri də nəzərə alınıb. Madao ərazisində su yolu üzərində vəhşi heyvanların keçidi üçün iki xüsusi keçid inşa edilib. Bu keçidlər Çində bu miqyasda yaradılan ilk xüsusi heyvan keçidləri kimi təqdim olunur.
Çinli mütəxəssislər, həmçinin Tsinçzyan çayında 60 ildən artıq müddətdə bəndlər səbəbindən bağlanmış miqrasiya yolunu bərpa etmək üçün Çinyan ərazisində 480 metrlik balıq keçidi yaradıb.
Pinglu kanalı Pekinin illərdir inkişaf etdirdiyi Yeni Beynəlxalq Quru-Dəniz Ticarət Dəhlizinin bir hissəsidir. Dəmir yolu, avtomobil və dəniz nəqliyyatını birləşdirən bu şəbəkə Çinin daxili əyalətlərini Cənub-Şərqi Asiya ilə daha birbaşa əlaqələndirməyi və ölkənin şərq limanlarından asılılığı azaltmağı hədəfləyir.
Kanalın açılışı Nanninin sentyabrın 17-dən 21-dək 23-cü Çin-ASEAN Sərgisinə ev sahibliyi etməyə hazırlaşdığı vaxta təsadüf edib. ASEAN artıq blok kimi Çinin ən böyük ticarət tərəfdaşıdır. 2026-cı ilin ilk yeddi ayında tərəflər arasında ikitərəfli ticarət illik müqayisədə təxminən 20 faiz artıb.