Çinin şərqində yerləşən Çjetszyan əyalətinə çatan “Dolphin” qasırğası ölkədə ilin ən güclü təbiət hadisəsi kimi qeydə alınıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yerli meteoroloji xidmətlərin məlumatına görə, qasırğa bazar günü Yuxuan şəhəri yaxınlığında sahilə çıxıb. Qasırğanın mərkəzində küləyin sürəti saatda 151 kilometrə çatıb.
Məlumata görə, qasırğanın yaratdığı təhlükə səbəbindən Çinin şərq bölgələrində 1 milyondan çox insan təxliyə edilib. Hakimiyyət yüksək riskli ərazilərdə yaşayan sakinləri təhlükəsiz zonalara köçürüb, gəmilərin limanlara qayıtmasını təmin edib və su anbarları, dağ çayları və sürüşmə riski olan ərazilərdə nəzarəti gücləndirib.
Venchjou şəhərində 900 mindən çox sakin təxliyə olunub və 1000-dən çox müvəqqəti sığınacaq yaradılıb. Şanxayda ən azı 30 300 nəfər köçürülüb, təxminən 1500 aviareys ləğv edilib. Futszyan əyalətində isə 99 minə yaxın insan təhlükəli ərazilərdən çıxarılıb.
Meteoroloqlar avqustun 10-dək Çjetszyan, Şanxay və ətraf ərazilərdə güclü yağışların davam edəcəyini proqnozlaşdırırlar. Bəzi bölgələrdə yağıntının 250-500 millimetrə çatacağı gözlənilir.
Qeyd edək ki, güclü yağışlar çaylarda su səviyyəsinin yüksəlməsinə, daşqın və torpaq sürüşmələrinə səbəb ola bilər. Hazırda Çjetszyan, Şanxay, Tszyansu və Futszyan əyalətlərində fövqəladə vəziyyət rejimi davam edir.