Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə rəsmi səfərdə olan İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi ilə görüşüb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir Ceyhun Bayramov və nazir Seyid Abbas Əraqçi arasında baş tutan təkbətək görüş, daha sonra hər iki tərəfin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam edib.
Görüşlərdə Azərbaycan-İran ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyində yer alan aktual məsələlər, habelə regional və qlobal inkişaflar müzakirə edilib.
Azərbaycan və İran əlaqələrinin təməlində dövlətlərimiz arasında mehriban qonşuluq və qarşılıqlı hörmət, xalqlarımız arasında tarixi, mədəni və dini ortaq köklərin dayandığı ifadə olunub.
İki ölkə Prezidentlərinin arasında mövcud olan dostluq münasibətlərinin dövlətlərarası münasibətlərdə mühüm əhəmiyyət daşıdığı, 2025-ci ildə İran Prezidentinin Azərbaycana səfərləri və bu çərçivədə Azərbaycan Prezidenti ilə görüşlərinin əməkdaşlıq əlaqələrimizə yeni təkan verdiyi vurğulanıb.
Xarici İşlər Nazirlikləri arasında siyasi və konsulluq məsləhətləşmələrinin, İqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının, Parlamentlərarası əlaqələrin, eləcə də əhatəli ikitərəfli hüquq-müqavilə bazasının əməkdaşlığımıza dayanıqlı xarakter verdiyi bildirilib.
Görüşlər zamanı iqtisadi-ticarət, enerji-energetika və nəqliyyat-logistika istiqamətləri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib. İki ölkənin iqtisadi potensialının və aramızdakı coğrafi yaxınlığın qarşılıqlı ticarət və investisiya həcmlərinin artırılması üçün əlverişli şərait yaratdığı vurğulanıb.
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində birgə fəaliyyətlərin, eləcə də Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni bağlantı layihələrinin regionda tranzit imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcəyinə inam ifadə olunub. Ağbənd-Kəlalə arasında yolun və körpünün tikintisinin yekunlaşdırılması istiqamətində səylər məmnunluqla qeyd edilib.
Humanitar sahədə əməkdaşlıq məsələlərinə toxunularaq, iki ölkənin Prezidentlərinin razılığı əsasında Bakı-Tehran-Bakı və Bakı-Təbriz-Bakı marşrutları üzrə təyyarə reyslərinin artırılması xalqlarımız arasında təmasların təşviqinə töhfəsi qeyd edilib. Elm, təhsil, mədəniyyət, gənclər, idman, səhiyyə və turizm sahələrində əməkdaşlığın gücləndirilməsi imkanları nəzərdən keçirilib.
Beynəlxalq və regional əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycan və İran arasında BMT, YUNESKO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) və digər təşkilatlar, eləcə də 3+3, və bir sıra başqa regional platformalar çərçivəsində qarşılıqlı etimad və dəstəyə əsaslanan əməkdaşlıq yüksək qiymətləndirilib.
Nazir Ceyhun Bayramov həmkarına Azərbaycan-Ermənistan normallaşma prosesi barədə son inkişaflar barədə məlumat verib, bu çərçivədə, Vaşinqton Zirvəsinin nəticələri diqqətə çatdırılıb.
Regionda daimi sülhün bərqərar edilməsi və sülh müqaviləsinin imzalanması üçün Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının aradan qaldırılmasının zəruriliyi vurğulanıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri, mina təhlükəsi və keçmiş məcburi köçkünlərin geri qayıdışı barədə qarşı tərəfə məlumat verilib.
Görüşlərdən sonra birgə mətbuat konfransı keçirilib, nazirlər görüşlərin nəticələrinə dair bəyanatlarla çıxış edib və jurnalistlərin suallarını cavablandırıblar.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında təkbətək və geniş tərkibdə görüşlər keçirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, Azərbaycan və İran arasında əməkdaşlığın cari gündəliyi və perspektivləri müzakirə olunub.
Nazirlər siyasi məsləhətləşmələrdən Birgə Dövlət Komissiyasına və geniş hüquqi müqavilə bazasına qədər güclü institusional çərçivələrin Azərbaycan və İranın daha da gücləndirməyə sadiq olduqları sabit və gələcəyə yönəlmiş ikitərəfli münasibətlər üçün möhkəm bir arxitektura təmin etdiyini vurğulayıblar.
Tərəflər həmçinin iqtisadi-ticarət əməkdaşlığını artırmaq yollarını və vasitələrini, xüsusilə də "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Şərqi Zəngəzur iqtisadi rayonu ilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası arasında əlaqə layihələri daxil olmaqla nəqliyyat-logistika sahəsinə diqqət yetiriblər.
Eyni zamanda, humanitar, xüsusilə də Bakı-Tehran/Təbriz arasında aviareyslərin artırılması, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlığa toxunulub.
Bundan başqa, BMT, Qoşulmama Hərəkatı və İƏT kimi beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin Azərbaycan-Ermənistan normallaşma prosesi və Azərbaycanın azad edilmiş ərazilərində münaqişədən sonrakı yenidənqurma işləri barədə fikir mübadiləsi aparılıb.