Çin avtomobil istehsalçısı BYD taksi xidmətləri üçün yeni alt brend təqdim etməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, carnewschina.com saytının məlumatına görə, BYD Çin daxili bazarı üçün tamamilə taksi və taksi çağırma xidmətlərinə yönəlmiş Linghui adlı yeni alt brend yaradacaq.
Məlumata əsasən, Çin Sənaye və Ticarət Nazirliyinin (MIIT) reyestrinə Linghui brendinə aid dörd model — e5, e7, e9 və M9 — daxil edilib. Qeyd olunur ki, bu avtomobillərin hamısı BYD-nin mövcud kütləvi bazar modelləri əsasında hazırlanıb. Yeni alt brendin yaradılmasında əsas məqsəd BYD əsas brendinin yükünü azaltmaq və onu fərdi alıcılar üçün daha cəlbedici saxlamaqdır.
“Linghui” markalı avtomobillərin Çin bazarında satışa çıxarılacağı dəqiq tarix hələlik açıqlanmayıb.
Bununla yanaşı, daha əvvəl Rusiyada yeni model ilinə aid Tank 400 çərçivəli SUV-lərin satışına başlanıldığı bildirilmişdi. Məlumata görə, Tank 400 modeli Yandex ID vasitəsilə naviqasiya, musiqi və audiokitablara çıxış imkanı verən Yandex Auto multimedia platforması ilə təchiz olunub. Avtomobil həmçinin Wi-Fi və ya mobil şəbəkə üzərindən uzaqdan yenilənmələri dəstəkləyir.
Tank 400 SUV 245 at gücünə malik turbomühərrikli benzin aqreqatı və doqquz pilləli transmissiya ilə təchiz olunub. Avtomobilin uzunluğu 4985 mm, təkər bazası 2850 mm, yerdən klirensi isə 235 mm təşkil edir.