Bu gün Novruzun ikinci müjdəçisi – Od çərşənbəsidir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, od türkün yaddaşında və düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu rəmzilik günümüzə qədər qorunub saxlanılıb.
Od çərşənbəsinin mahiyyətində odun müqəddəs sayılması, onun insanı hər cür pisliklərdən və şərdən təmizləyəcəyinə, xeyirin qələbə çalacağına olan inam dayanır.
Bu çərşənbə qədim insanların Günəşə və oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün "çirkabı" və azar-bezarları yandırırlar.
Digər çərşənbələrdə olduğu kimi, bu gün də qazanlar qaynamalı, ocağın üstü boş olmamalıdır. İnanclara görə, tonqalın yandırılması həmin ilin isti və bərəkətli keçməsinə işarədir.
Hələ qədim dövrlərdən insanlar odu qoruyub, ona hörmət ediblər. Qalanan tonqal isə həmişə rəmzi məna daşıyıb. Bunu "Kitabi-Dədə Qorqud" dastanından da aydın görmək olar.
Zərdüştlükdən hələ çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən Günəşin yerdəki simvolu olan odu rəmzləşdiriblər. Belə bir etiqad yaranıb ki, insanlar günəşi və odu nə qədər əzizləyib oxşasa, təbiət o qədər tez isinər, adamlara xoşbəxtlik gətirər.
Xatırladaq ki, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq.
Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq. Martın 20-21-i isə ölkədə Novruz bayramı qeyd olunur.