Prezident Xavyer Mileinin hökuməti BRİCS-ə qoşulmaqdan imtina edərkən qismən ideoloji mülahizələrə əsaslanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Xarici İşlər naziri Diana Mondino bildirib.
Mondino qeyd edib ki, BRICS-dən imtina Argentina hakimiyyəti üçün ilk növbədə “vaxtdan istifadənin optimallaşdırılması” deməkdir.
Mondino bəyan edib ki, “liberal demokratiyalar” Argentinanın yeni administrasiyası üçün prioritet tərəfdaşlardır. Nazir onların arasında ABŞ, Avropa ölkələri, Avstraliya, İsrail, Kanada və Yeni Zelandiyanın olduğunu, digər ölkələrlə ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi imkanlarını da nəzərdən qaçırmadığını bildirib.
"Daha çox ödəyənlərlə ticarət edəcəyik. Bu qərarı verən dövlət deyil. Bizim vəzifəmiz ticarət üçün şərait yaratmaqdır", - o əlavə edib.
Prezident administrasiyasının sözçüsü Manuel Adorni daha əvvəl demişdi ki, Argentina prezidenti Xavyer Milei BRİCS üzvlərinə ölkəsinin qrupa qoşulmayacağı barədə rəsmi məlumat verib. Argentina lideri Rusiya prezidenti Vladimir Putin, Çin prezidenti Si Cinpinə, Braziliya prezidenti Luiz İnasio Lula da Silvaya və Hindistanın baş naziri Narendra Modinə yazdığı məktublarda ölkənin BRİCS-də iştirakını məqsədəuyğun hesab etmədiyini bildirib.