Böyük Britaniya hökuməti yaşıl enerji, batareya saxlama sistemləri və qabaqcıl texnologiya layihələrinə 1,3 milyard funt-sterlinqdən çox beynəlxalq investisiya cəlb etdiyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu maliyyə vəsaiti əsasən Fransa və Hindistan şirkətlərinin öhdəlikləri hesabına təmin olunub.
Fransanın özəl kapital fondu olan "InfraVia" batareya saxlama sistemləri və çevik enerji infrastrukturu layihələrinə 1 milyard funt-sterlinq yatıracağını bəyan edib.
Eyni zamanda, Hindistanın "Atri Energy Transition" şirkəti irimiqyaslı batareya anbarları və qabaqcıl istehsal müəssisələri üçün 300 milyon funt-sterlinqdən çox vəsait ayıracaq.
Bundan əlavə, Hindistanın texnologiya nəhəngi "Hexaware Technologies" Böyük Britaniyadakı fəaliyyətini genişləndirmək məqsədilə 25 milyon funt-sterlinq investisiya qoyacaq.
Rəsmi məlumatlara görə, bu layihələr ölkədə yeni iş yerlərinin açılmasına və artan elektrik enerjisi tələbatı fonunda enerji infrastrukturunun gücləndirilməsinə töhfə verəcək.
Batareya texnologiyalarına qoyulan investisiyalar Böyük Britaniyaya külək və günəş enerjisi kimi bərpa olunan mənbələrdən alınan artıq elektrik enerjisini saxlamağa və ehtiyac yarandıqda istifadə etməyə imkan verəcək.
Hazırda Böyük Britaniya qalıq yanacaqlardan asılılığı azaltmaq və təmiz enerji potensialını genişləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Hökumət 2050-ci ilə qədər istixana qazı emissiyalarını sıfıra endirməyi hədəfləyib və enerji təhlükəsizliyini əsas prioritetlərdən biri kimi müəyyən edib.