ABŞ dövlət katibi Entoni Blinken növbəti dəfə Yaxın Şərqə səfər edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin məlumat verib.
Blinken fevralın 8-ə qədər davam edəcək səfər çərçivəsində sırası ilə Səudiyyə Ərəbistanı, Misir, Qətər,İsrail, İordan çayının Qərb sahilində olacaq.
Onun İsrail və Fələstin rəsmilərilə görüşü də planlaşdırılır.
Blinkenin oktyabrın 7-dən bu yana Yaxın Şərqə etdiyi 5-ci rəsmi səfər çərçivəsində keçirəcəyi görüşlərdə İsraillə HƏMAS arasında nəzərdə tutulan əsir mübadiləsi və müvəqqəti atəşkəs, eləcə də ABŞ-nin İraq, Suriya və Yəmənə hücumları müzakirə ediləcək.
Artıq bir neçə həftədir ki, ABŞ və Qətərin vasitəçiliyi və birgə səyləri sayəsində İsrail və HƏMAS arasında döyüşlərə humanitar fasilə verilməsi gündəmdədir. Bəzi mənbələrə görə, artıq İsrail və HƏMAS arasında əsir mübadiləsi razılaşasının əldə olunması an məsələsidir.
İsrail xalqının, o cümlədən artıq 120 gündür HƏMAS tərəfindən saxlanılan girovların yaxınları son günlərdə hökumətə təzyiqləri artırıb. Gündəlik keçirilən aksiyalarda iştirak edən minlərlə insan girovların dərhal azad edilməsini və digər məsələlərlə bağlı qərarların əsir mübadiləsindən sonra verilməsini tələb edir.
Xatırladaq ki, HƏMAS 7 oktyabrda İsrail ərazisinə hücum edərək 1200 nəfəri öldürmüş, 240-a yaxın israillini girov götürmüşdü. Noyabr ayında əldə olunan razılaşma nəticəsində, girovlardan 100-ü azad edilmişdi. Bunun müqabilində, İsrail tərəfi 240 fələstinli əsiri azadlığa buraxıb.