Filippinin cənubunda, Cənubi Kotabato əyalətinin Banqa şəhərində məktəbdə baş verən silahlı atışma nəticəsində üç şagird ölüb, səkkiz nəfər yaralanıb.
Əyalət rəsmilərinin məlumatına görə, ölənlərdən biri 16 yaşlı şübhəli atəş açandır. O, daha sonra silahı özünə yönəldərək intihar edib. Yaralanan şagirdlərdən dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Banqa şəhərinin meri Albert Palensianın sözlərinə görə, bütün qurbanların yaşı 14-17 arasındadır. Şübhəli hadisədən əvvəl dostlarına nahardan sonra planını həyata keçirəcəyini deyib, lakin onlar bunu zarafat kimi qəbul ediblər.
Palensia bildirib ki, şübhəli nahardan sonra şagirdlərə atəş açıb və özünü öldürməzdən əvvəl 10 nəfəri vurub.
Hadisə Filippində məktəblərdə silahlı hücumlarla bağlı narahatlığı artırıb. İyundan bəri ölkədə məktəblərdə iki ölümcül silahlı insident baş verib. Ötən ay Zamboanqada bir şagird sinif otağında başqa bir şagirdi güllələyərək öldürüb və daha sonra intihar edib.
İyun ayında isə T aklobandakı dövlət liseyində iki şagirdin atəş açması nəticəsində ən azı üç şagird ölüb, 20-yə yaxın nəfər yaralanıb.
Cənubi Kotabato qubernatoru Reynaldo Tamayo valideynləri odlu silahların yetkinlik yaşına çatmayanların əli çatmayan yerdə saxlanılmasına diqqət yetirməyə çağırıb.