AFFA-nın Texniki Departamentinin Skautlar şöbəsinin rəisi Bəxtiyar Musayev “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində “Slaviya” ilə keçirəcəyi oyun barədə fikirlərini bölüşüb.
Musayev Azərbaycan klubunun Avropa səhnəsində çıxışını qürurverici adlandırıb və böyük komandaları Bakıya gətirdiyinə görə “Sabah”a təşəkkür edib. Onun sözlərinə görə, komanda “Mançester Yunayted”lə qarşılaşmada cəsarətli oyun göstərib və öz üslubuna sadiq qalıb.
Veteran futbolçu “Sabah”ın “Slaviya” ilə matçda da eyni yanaşmanı davam etdirəcəyinə inanır. O bildirib ki, rəqib Çexiya çempionatında uzun illər dominantlıq edən köklü klub olsa da, komandasına güvənir.
“İnanıram ki, ‘Sabah’ doğma azarkeşləri önündə özünəinamlı və cəsarətli futbol nümayiş etdirəcək. Azarkeş dəstəyi komandaya əlavə motivasiya verəcək. Ümid edirəm ki, yaxşı oyunla yanaşı, istədiyimiz nəticəni də əldə edəcək və qələbə qazanacaq”, – deyə Musayev bildirib.
“Sabah” – “Slaviya” görüşü bu gün Bakı Olimpiya Stadionunda saat 20:45-də başlayacaq.