İspaniyanın “Real Madrid” futbol klubunun ingilis yarımmüdafiəçisi Jude Bellinqhem Avropanın 21 yaşa qədər ən yaxşı oyunçusuna verilən illik “Qızıl oğlan” mükafatının qalibi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə mükafatın təşkilat komitəsi məlumat yayıb.
Bellinqhemin 20 yaşı var və 2023-cü ilin yayında “Real Madrid”ə keçib. Komandanın tərkibində müxtəlif turnirlərdə 14 oyun keçirən futbolçu 13 qol vurub və 3 məhsuldar ötürmə edib. İngilis futbolçu ötən mövsümü "Borussiya Dortmund"da keçirib, onun heyətində 42 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Qızıl oğlan” mükafatı 2003-cü ildə “Tuttosport” qəzeti tərəfindən yaradılıb və hər il Avropa çempionatlarından birinin yüksək divizionunda çıxış edən 21 yaşından kiçik futbolçuya verilir. 2022-ci ildə mükafatın qalibi “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Qavi olub.