Azərbaycanda minimum əməkhaqqının məbləği 345 manatdır. Minimum əməkhaqqı sonuncu dəfə 2023-cü ilin yanvar ayında artırılaraq 345 manat olub. Bütövlükdə, son 5 ildə minimum əməkhaqqı 2,7 dəfə artırılıb. Hazırda Azərbaycanda minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu il noyabrın 1-dək minimum əməkhaqqının artırılması ilə bağlı təklifləri hazırlayaraq adiyyətı üzrə təqdim etməsi tapşırılıb.
Bəs 2025-ci ildə minimum əməkhaqqının və pensiyanın artması gözlənilirmi? Artım olarsa, nə qədər ola bilər?
Mövzu ilə bağlı "Operativ Məlumat Mərkəzi-OMM"-ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirir ki, Azərbaycanda əvvəl qanunvericiliyə görə pensiyanın, təqaüdlərin və maaşların minimum əməkhaqqının artımında inflyasiya göstəriciləri əsas götürülürdü. Yəni, inflyasiya nə qədər olurdusa, rəsmi inflyasiyada o qədər indeksləşmə olurdu.
“Sonradan qanunvericilikdə dəyişilliklər nəticəsində orta aylıq əməkhaqqının illik artım səviyyəsinə görə indeksləşmə aparıldı. Buna görə də Azərbaycanda hər il nominal olaraq orta aylıq əməkhaqqı təqribən 7-8% civarında artır”.
Ekspert bildirir ki, bu il də yanvar ayında yeni parlamentin qəbul edəcəyi yeni büdcə layihəsi ilə çox güman ki, minimum əməkhaqqının və təqaüdlərin təqribən 10% civarında artması gözlənilir.
“Təbii çox istərdik ki, bu faiz çox olsun, ancaq indiki reallıqlar onu deməyə əsas verir ki, ən yaxşı halda 10% artım ola bilər”, - deyə N.Cəfərli qeyd edib.

Digər həmsöhbətimiz iqtisadçı-ekspert Eldəniz Əmirov deyir ki, qlobal iqtisadiyyatda baş verənlər və Azərbaycanın idxaldan kifayət qədər asılı olması ölkəmizdə istehlak məhsullarının xidmətləri ilə, qiymətinin artması ilə müşahidə edilir.
İnsanların alıcılıq qabiliyyətinin qüvvədə saxlanılması üçün müəyyən tədbirlərin görülməsinə ehtiyac olduğunu bildirən ekspert, bu baxımdan 2025-ci ildə bu istiqamətdə müəyyən addımlar atıla biləcəyini düşünür.
“O ki qaldı, nə qədər artım ola biləcəyinə, bununla bağlı konkret rəqəmlər söyləmək mümkün deyil. Sadəcə onu qeyd etmək olar ki, bütün hallarda minimum əməkhaqqının 400 manata çatdırılması mümkündür. Nəzərə alsaq ki, 2024-cü il ərzində belə bir addım atılmamışdır. Yalnız 2023-cü ilin yanvar ayından sonra minimum əməkhaqqı 15% artırılaraq, 300 manatdan, 345 manata çatdırılmışdır. Hazırda isə təxminən 16%-lik bir artım olarsa, bu 400 manat civarında minimum əmək haqqının müəyyənləşməsi ilə nəticələnəcəkdir”, - deyə E.Əmirov sonlandırıb.
Aminə Nəzərova