Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti kəskin artaraq 95,43 ABŞ dolları təşkil edib.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə neft bazarındakı mənbələr məlumat verib və qeyd olunub ki, qiymətlərdə 5,63 % (5,09 ABŞ dolları) həcmində bahalaşma müşahidə olunub.
Hərracların nəticələrinə əsasən, "Brent" markalı neftin may fyuçerslərinin qiyməti 91,46 ABŞ dolları olub. Eyni zamanda, Türkiyənin Ceyhan limanında FOB bazasında Azərbaycan neftinin 1 bareli 5,87 % artaraq 91,40 ABŞ dollarına satılıb. Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Tarixi statistikaya nəzər salsaq, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 % təşkil edir.