Qazaxıstan Milli Müdafiə Universitetinin rəisi general-mayor Baurjan Abjanovun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub. Müdafiə Nazirliyindən verilən məlumata görə, qonaqları Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov qəbul edib.
Görüş zamanı Qazaxıstan nümayəndə heyətinə MMU-nun fəaliyyət istiqamətləri, təhsil sistemi və yaranma tarixi ilə bağlı brifinq təqdim olunub. Eyni zamanda, Azərbaycan Ordusunda hərbi təhsil sistemində aparılan islahatlar və onların effektivliyi barədə geniş fikir mübadiləsi aparılıb. Tərəflər hərbi təhsil sahəsində təcrübə mübadiləsinin hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsindəki rolunu vurğulayıblar.
Səfər çərçivəsində nümayəndə heyəti bir sıra hərbi təhsil müəssisələri ilə yaxından tanış olub:
- MMU-nun tabeliyindəki Hərb Oyunları Mərkəzi;
- Heydər Əliyev adına Hərbi İnstitut;
- Cəmşid Naxçıvanski adına Hərbi Lisey.
Qonaqlar təhsil müəssisələrindəki Heydər Əliyev muzeylərini ziyarət edərək Ümummilli Liderin irsi ilə tanış olublar və xatirə kitabına ürək sözlərini yazıblar. Həmçinin Zəfər Muzeyinə baş çəkən nümayəndə heyətinə Vətən müharibəsində qazanılan tarixi qələbə haqqında ətraflı məlumat verilib. Səfər qarşılıqlı hədiyyələrin təqdim olunması və xatirə şəklinin çəkilməsi ilə yekunlaşıb.