Milli Məclis uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində çalışan müəllimlər üçün mühüm qərarı son oxunuşda qəbul edib. Artıq bu müəssisələrdəki təhsilverənlərin fəaliyyəti köhnə attestasiya sistemi ilə deyil, müasir sertifikasiya qaydaları əsasında qiymətləndiriləcək.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı Əmək Məcəlləsinə və "Təhsil haqqında" qanuna təklif edilən dəyişikliklər parlamentin bugünkü plenar iclasında müzakirə olunub.
Musiqi və İncəsənət Məktəblərində Nə Dəyişir?
Sənədə əsasən, Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin bilikləri fərqli yolla yoxlanılacaq.
Onların nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsi aparılacaq.
Köhnə Attestasiya Sistemi Niyə Ləğv Olunur?
Qeyd olunub ki, qüvvədə olan qanunvericiliyə uyğun olaraq attestasiya nəticələrinin təsbit edilməsi əsasən sənədləşdirilmiş protokollarla məhdudlaşır. Sənəddə peşə uyğunluğu, bacarıqlar və digər yararlılıq göstəriciləri üzrə yazılı və obyektiv testlər kimi alətlər əhatə olunmur.
Eləcə də, rəqəmsal qiymətləndirmə alətləri, performans dəyərləndirmə sistemləri və digər müasir metodologiyalar nəzərdə tutulmur. Bu da qiymətləndirmənin ümumi obyektivliyini azaldır və müasir təcrübə ilə uyğunlaşmır.
Eyni zamanda attestasiya nəticələrinin hüquqi əsaslandırılması və məhkəmə mübahisələrində tətbiqi mexanizmləri kifayət qədər aydın tənzimlənmədiyindən, bu sahədə əmək mübahisələri riski artır.
Şifahi İmtahanların Yaratdığı Problemlər
Attestasiyanın şifahi formada keçirilməsi zamanı qiymətləndirmə meyarlarının dəqiq və ölçüləbilən olmaması subyektiv yanaşmadan asılılığı artırır.
Bununla yanaşı, şifahi attestasiyanın təşkili əlavə maliyyə və inzibati yük yaradır. Komissiyaların formalaşdırılması və prosesin uzunmüddətli aparılması dövlət vəsaitlərinin səmərəsiz istifadəsinə səbəb olur.
Sertifikasiya Təhsilverənlərə Nə Vəd Edir?
Layihənin qəbul edilməsi nəticəsində təhsilverənlərin nəzəri biliklərinin, təcrübəsinin və peşə yararlılığının sertifikasiya imtahanına cəlb edilməsi yolu ilə qiymətləndirilməsi həyata keçiriləcək. Bunun nəticəsində prosesin şəffaflığı, nəticələrin müqayisəliliyi və onların yüksək etibarlılığı təmin ediləcək.
Bu dəyişiklik qeyd olunan təhsil müəssisələri şəbəkəsinin inkişafına və təhsilin keyfiyyət səviyyəsinin artırılmasına nail olmağa imkan verəcək.
Eyni zamanda sertifikatlaşdırma prosesi mütəmadi olaraq ixtisas üzrə biliklərin yenilənməsini nəzərdə tutur. Bu da öz növbəsində təhsilverənlərin davamlı peşəkar inkişafı və peşə bilik və bacarıqlarının daim artırılmasını təşviq edəcək.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib.