Bakıda qadının həyat yoldaşı tərəfindən öldürülməsi ilə bağlı dəhşətli təfərrüatlar ortaya çıxıb.
"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunun 7-ci mikrorayon ərazisində qeydə alınıb.
40 yaşlı Esmira Ağalarovanın həyat yoldaşı tərəfindən öldürüldüyü bildirilir. Qadının boğularaq öldürülməsində şübhəli bilinən Rafət Ağalarov saxlanılaraq istintaqa təhvil verilib.
İlkin məlumata görə, hadisəyə səbəb qadının həyat yoldaşından boşanmaq istəməsi olub.
“Uşağı ver, öpmək istəyirəm dedi”
Hadisənin şahidi olan qadın qətlin baş verdiyi əraziyə necə gəldiyini danışıb.
Onun sözlərinə görə, hadisə zamanı 15 yaşlı oğlan uşağı kömək üçün küçəyə qaçaraq çıxıb:
“Dükkanın yanında dayanmışdım, gördüm bir 15 yaşında oğlan uşağı qaça-qaça, qışqıra-qışqıra gəldi. ‘Ay bibi, kömək elə, kömək elə, kəsir, kəsir’ dedi”.
Şahid bildirib ki, uşağın arxasınca evə daxil olub və qadını ağır vəziyyətdə görüb:
“Getdim, gördüm qapının ağzında gəlin belə uzanıb. Başı kəsik, saçı da buradan belə tökülüb. Ev hamısı qan idi”.
Qadının sözlərinə görə, daha sonra polis və təcili tibbi yardım çağırılıb.
Şahid həmçinin mərhumun anasının dediklərini də danışıb. Onun sözlərinə görə, qadın boşanmaq istəyib, həyat yoldaşı isə buna razı olmayıb:
“Uşağı ver, öpmək istəyirəm, görmək istəyirəm deyib. Uşağı alıb, sonra bıçağı çəkib qadının üstünə, bıçaqlayıb”.