HƏMAS rəhbərliyi qapalı kanallar vasitəsilə ABŞ-yə Vaşinqtonun Qəzza zolağının demilitarizasiyası və təşkilatın tərksilah olunması ilə bağlı təklif etdiyi planı qəbul etməyə hazır olduğunu çatdırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Axios” portalı Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ administrasiyası Qəzzanın demilitarizasiyasını nəzərdə tutan plan hazırlayıb və Prezident Donald Tramp onun həyata keçirilməsində israrlıdır.
Ağ Ev rəsmilərindən birinin sözlərinə görə, HƏMAS bu planın icrasının mümkün olduğunu bildirib və Vaşinqton da prosesin uğurla başa çatacağına inanır.
“HƏMAS demilitarizasiya ilə bağlı müsbət siqnallar göndərir. Onların qüvvələri tükənib və xeyli canlı qüvvə itiriblər”, – deyə rəsmi qeyd edib.
“Axios”un yazdığına görə, Qəzzanın demilitarizasiyası anklavda sülh nizamlanmasının ikinci mərhələsi çərçivəsində həyata keçirilə bilər. Plan yeraltı tunellərin və kustar üsulla silah istehsalı obyektlərinin məhv edilməsini, ağır silahların təhvil verilməsini, həmçinin HƏMAS-ın iştirakı olmadan texnokratik Fələstin hökumətinin nəzarəti altında polis qüvvələrinin yaradılmasını nəzərdə tutur.
Ağ Ev rəsmiləri bildiriblər ki, İsrail HƏMAS-ın tərksilah olunması perspektivlərinə skeptik yanaşır və bunun sülh yolu ilə mümkünlüyünə şübhə edir.
Buna baxmayaraq, Tramp administrasiyası nikbindir. Məlumata görə, yaxın vaxtlarda Vaşinqton HƏMAS nümayəndələri ilə tərksilah prosesinin mərhələləri üzrə bir sıra danışıqlar aparmağı planlaşdırır.