Rusiya Federasiyasının Bryansk vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı (PUA) ilə həyata keçirilən hücum nəticəsində faciəvi hadisə qeydə alınıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, hücum hədəfi Belarusun Qomel şəhərindən gələn və içərisində uşaq futbol komandasının olduğu avtobus olub.
İdmançılar istirahət üçün Gelencik kurortuna yollanırmışlar.
Belarusun Səhiyyə naziri Aleksandr Xocayev bildirib ki, insident nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlardan 6-sı azyaşlıdır. Yaralılar hazırda Bryansk vilayətinin müxtəlif xəstəxanalarında müalicə olunurlar. Hücum zamanı komandanı müşayiət edən bir qadın həlak olub.
Belarus Xarici İşlər Nazirliyi baş vermiş hadisəni kəskin şəkildə pisləyib. Nazirlik bəyanatında bu hücumu dinc əhaliyə qarşı terror aktı kimi qiymətləndirib və Kiyevdən məsələ ilə bağlı izahat tələb edib.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi davam etdiyi müddətdə sərhədyanı Rusiya əraziləri mütəmadi olaraq PUA hücumlarına və artilleriya atəşinə məruz qalır. Rəsmi Moskva bu hücumları mülki infrastrukturun hədəf alınması kimi xarakterizə edir.