2025-ci il oktyabrın 10-da elan edilmiş atəşkəs razılaşmasına baxmayaraq, İsrail ordusunun Qəzza zolağında hərbi fəaliyyətlərini və dağıntıları davam etdirdiyi bildirilir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, son məlumatlara əsasən, Rəfah, Xan Yunus və Qəzza şəhəri daxil olmaqla bir neçə bölgədə genişmiqyaslı dağıntı əməliyyatları həyata keçirilib.
Məlumata görə, Qəzzanın cənubunda yerləşən Rəfah şəhərinin şimal-qərb hissəsində baş verən əməliyyatlar zamanı ağır artilleriya atəşindən istifadə olunub və güclü partlayışlar qeydə alınıb. Eyni zamanda, Xan Yunus şəhərinin şimal-qərb hissəsində hələ də yaşayış üçün yararlı hesab edilən son binaların da dağıdıldığı bildirilib.
Bildirilib ki, Qəzza şəhərinin “Tuffah” məhəlləsi və “Senafor” qovşağı ətrafında da oxşar hücumlar nəticəsində şiddətli partlayışlar müşahidə olunub.
Yerli müşahidəçilər və analitiklərin fikrincə, həyata keçirilən bu əməliyyatlar yalnız hərbi zərurətlə izah olunmur. Ekspertlər hesab edirlər ki, bu addımlar bölgənin demoqrafik strukturuna təsir göstərmək, şəhər mühitini dəyişdirmək və əhalinin öz yaşayış yerlərinə qayıdış imkanlarını məhdudlaşdırmaq məqsədi daşıya bilər.