İsrail Müdafiə Ordusu son bir sutka ərzində İranın mərkəzi və qərb bölgələrində yerləşən 120-dən çox hərbi hədəfə kütləvi aviazərbələr endirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə rəsmi məlumatı İsrail Müdafiə Ordusunun mətbuat xidməti yayıb.
Məlumata əsasən, məhv edilən obyektlər sırasında hava hücumundan müdafiə (HHM) sistemlərinin elementləri, PUA istehsalı müəssisələri, dronların buraxılış məntəqələri və raket qüvvələrinin obyektləri yer alır.
Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı birgə hərbi əməliyyata başlayıb. Buna cavab olaraq İran İsrail ərazisinə raket zərbələri endirib, həmçinin Fars körfəzi ölkələrindəki Amerika hərbi bazalarına hücum edib.
Yaxın Şərqdəki gərgin vəziyyətlə əlaqədar regionun bir sıra ölkələri öz hava məkanını müvəqqəti olaraq bağlayıb. Ən mühüm hadisə isə fevralın 28-də İranın Ali rəhbəri Əli Xameneinin ABŞ və İsrailin hücumları nəticəsində öldürülməsi olub.