Erməni iş adamı və “Güclü Ermənistan” partiyasının rəhbəri Samvel Karapetyan Ermənistan parlamentinin sədri Alen Simonyana qarşı məhkəmə iddiası qaldırıb. Məhkəmə aktları portalı “Datalex”də dərc olunan sənədə əsasən, Karapetyan spikerin onun ünvanına səsləndirdiyi və şərəf və ləyaqəti ləkələyən yalan məlumatların təkzib olunmasını, habelə 6 milyon dram (təxminən 16 min ABŞ dolları) məbləğində mənəvi təzminat ödənilməsini tələb edir.
İddia ərizəsində qeyd olunur ki, Samvel Karapetyanın vəkilləri Alen Simonyanın 19 may 2026-cı il tarixində sosial şəbəkələrdə paylaşdığı fikirlərin həqiqətə uyğun olmadığını və iş adamının nüfuzuna xələl gətirdiyini bildirirlər. İddiaçı tərəf bu məlumatların rəsmi şəkildə təkzib edilməsini və məhkəmə xərclərinin cavabdeh tərəfindən ödənilməsini istəyir.
Xatırladaq ki, Samvel Karapetyan daha əvvəl də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasına və İctimai Televiziyaya qarşı oxşar məzmunlu iddialarla məhkəməyə müraciət etmişdi.